Adda-budda olmamalı…

0
816

Ad məhsulu və ya xidməti qürurla önə daşımalıdır

Kreativ direktor Teymur Məmmədov yazır.

Uzun illərdir ki, advermə (neyminnq) ilə məşğul oluram. Bu işdən bir başqa zövq alıram. Bu sahədə ilk peşəkarlardan olmaqdan da fərqli bir qürur duyuram. Ad yaşadandır, yaxşı ad isə daha çox yaşadandır…

Adda olan möhtəşəm enerji və güc mal və xidmətin keyfiyyəti ilə üst-üstə düşdükdə satışda fantastik nəticələr əldə etmək mümkündür. Əslində satışın da istəyi budur.  Dediklərimə ölkəmizin, qlobal dünyanın təcrübəsindən minlərlə nümunə gətirmək olar.

Ad əslində təmsil etdiyi məhsulun əsas missiyasını özündə təcəssüm etdirən bir vizit kartıdır, bir obrazdır, bir portretdir. Elə bir obraz və ya portret ki, qısa və lakonik formada mal və və xidmətin, məhsul və ya servisin istəyini, habelə özünün ön strategiyasını rahat kommunikasiya edə bilir.

Biz tez-tez eşidirik ki, ad ana dilində olmalıdır. Qismən razıyam. Amma dil inkişafa məhkumdur. Adların yaradılmasında dilin özəlliyi və gözəlliyi itirməməlidir, əksinə, qazanmalıdır, dil zənginləşməlidir. Dil süni və kalka üsulu ilə surəti alınan xarici kəlmələrlə deyil, daha səmimi və təbii yolla dilə daxil olan və kommunikasiyada sınanaraq dilə yatan,  stressiz oturuşan adlarla zənginləşə bilər.

Maraqlı ola bilər: Tualet də PR-a xidmət edə bilər

SONTİ şirələrinin adını verərkən mən dilə xoş və səmimi ad gətirmək niyyətində olmuşam. Hətta SONTİ-yə sloqan kimi “Adını biz dedik, dadını siz deyin”  mesajını seçməkdə də konkret məqsədim bundan ibarət olub. Belə ki, SONTİ-SƏN DE-ZONTİK kəlmələrinin qanadları altında markanın müdafiə gücünü səsləndirmədə də gücləndirmək istəmişəm. Belə ekspressiya həm dada, həm də ada öz təsirini gücləndirir, müştəri hafizəsində təbi yolla həkk olunmasında faydalı rol oynayır.

Bazara çıxanda inanılmaz satış dinamikasına sahib olan SONTİ markası indi də öz energetikasını qoruyub saxlayır və onun hər zaman yenidən bazarda layiqli mövqeyə geri dönüşü şansı qalmaqdadır. Bu başqa bir söhbətin mövzusudur.

Ad, təbiidir ki, keyfiyyəti əvəz edə bilməz. Ad keyfiyyəti yalnız vəd edə bilər. Damaq dadına uyğun olmayan ən möhtəşəm brendi belə bazarda yalnız adın köməyi ilə saxlamaq olmaz. Amma uğurlu ad müştəri loyallığını dəstəkləyir və gücləndirir, lakin sonda yenə də  keyfiyyət və servis əsasdır və bu iki tərəfin üzvi və harmonik vəhdəti hələ bir məhsulun və ya xidmətin nüfuzuna kölgə salmayıb.

Maraqlı ola bilər: Brendsənmi?

Əslində bu mövzuya müraciət etməkdə məqsədim nəyi edib-etmədiklərimizi söyləmək deyil. Niyyətim, ilk növbədə, bu problemə diqqəti daha ciddi olaraq cəlb etməkdir. Bu gün, yəni  ölkənin ixracata yönəlik siyasət apardığı tarixi kəsimdə və konkret yerli məhsullarla xarici ölkə bazrlarına çıxdığımız bir dövrdə marka yaradıcılığı prosesində yamsılamalardan qaçmağımızı çox istərdim.

Arzu edərdim ki, orijinal və yaddaqalan, asan tələffüz olunan, dilimizin və mədəniyyətimizin özəlliklərini özünə əks etdirən, bizi yaxşı mövqedən tanıtdıran və asan yadda qalacaq qədər rahat səslənən mal və ya məhsulun, habelə, xidmətin özəlliklərini qabarda biləcək optimal adların yaradılmasına can atılsın.

Ölkəyə turistlərin gəlişində müsbət tendesiyanın olduğunu hər kəs etiraf edir. Onların istehlak edəcəyi məhsulların adının yaradılması və vizuallaşdırılması, təqdimi və irəlilədilməsi daha sadə və minimalist olmalıdır ki, qonaqlar bu məhsullarla ilk tanışlıq zamanı kommunikasiyada ciddi çətinliklə qarşılaşmasınlar.

Yerli istehlakçının da çox sevə biləcəyi, loyal münasibət formalaşdıracaq məhsul adlarına səmimi və təbii yanaşmaq lazımdır. Bir zamanlar biz Namiq Bayramovla bərabər KÖZLƏMƏ sosiskalarına ad düşünərkən də xüsusi bir sevinc və qayğı nümayiş etdirdik ki, müştəri yerli istehsalın təmsil etdiyi məhsulun həqiqətən yüksək keyfiyyətli oldmasına inansın və bu məhsulla daha loyal bağlantı qursun. KÖZLƏMƏ-nin sloqanı da gözəl səslənir: Tez bişir, gözləmə…

KÖZLƏMƏ o zaman bazara da  bir hərəkət və dinamıka gətirdi. Bu seqmentdə yeni məhsulların istehsalına təkan verdi…

Hər şey addan başlayır. Buna şübhəniz olmasın. Amma təkcə ad ilə bitmir…

Bu gün mal və ya məhsulun, xidmət və ya satış sonrası servisin adının yaradılması, düzgün kommunikasiya edilməsi, haqsız həmlələrdən qorunması çox ciddi əhəmiyyət kəsb edir.

Digər tərəfdən, uzunömürlü adların yaradılmasının aktuallığını günbəgün daha da artmaqdadır və bunu daim diqqət mərkəzində saxlamaq günün tələbidir.

Maraqlı ola bilər: Teymur Məmmədov ilə müsahibə

PRoloq.az

Şərh yoxdur

Şərh yaz