Hüquq təhsili almadan hüquqşünas kimi çalışmaq olarsa…

0
1090

Müsahibimiz Türkiyənin Marmara Universitetinin kommunikasiya fakultəsinin müəllimi və sabiq dekanı professor Melda Cinman Şimşekdir.

Melda xanım, niyə hələ də PR nədir sualını eşidirik?

PR, yəni Public Relations türkcəyə  “Halkla İlişkiler”’ olaraq tərcümə edilib. Bu tərcümədə yanlışlıq var. Public türk dilində kamu (ictimai – red.) deməkdir.  Halk (xalq – red.) isə “’people”dır. Yəni məna fərqi var. Xalqa daxil olan hər kəs ictimaiyyətə daxil olmaya bilər. İctimaiyyət bəzən xalq anlayışından daha artığını ifadə edə bilər.  Əslində önəmli olan hədəf kütlədir. Bu da bir fərd də ola bilər, qrup da, cəmiyyət də…

Mənim fikrimcə, PR marketinq kommunikasiyasından ibarətdir. Çünki fərdin də, ölkənin də marketinqi ilə məşğuluq.  Həmkarlarımın çoxu bununla razılaşmır. Bəlkə də iqtisadiyyat sahəsindən gəldiyimə görə belə düşünürəm. Marketinq   siyasi məqsəd də güdə bilər, kommersiya məqsədi də. Əslində məsələ təbliğat (propaganda) sözünün mənfi çalarlarından qurtulmaqdır. Fikir yaymaqla hədəfə təsir etmək. Bu mövzudakı uğursuz cəhdlər də “ictimai əlaqələr” adlı yeni anlayışın ortaya çıxmasına səbəb olub.

Niyə şirkətlər sponsorluq fəaliyyəti ilə məşğul olur? Etibar qazanmaq üçün. Bəs etibar nəyə lazımdır?  Satışları artırmaq, xal qazanmaq üçün. Odur ki, hamısı marketinqdir.

Adətən  müsahiblərimiz sponsor varsa, bu, PR deyil, deyirlər. Siz isə fərqli yanaşırsınız. Doğrudur?

Söylədiyim kimi, mən PR-a marketinq kommunikasiyası çərçivəsindən baxıram. Bunların hamısı  daha çox müştəri və qazanc üçündür. Bəzi PR mütəxəssisləri  PR-ı daha yüksəkdə olan funksiya kimi dəyərləndirir, marketinq kommunikasiyası kimi rolunu kiçildirlər. Sponsorluq da, korporativ sosial məsuliyyət layihələri və başqa bu cür fəaliyyətlər də  hörməti və etibarı artırmaq üçündür. Bunun da adı PR-dır. Bir daha soruşuram, bu nə üçün lazımdır? Daha çox qazanc üçün.

PR öz imicini necə formalaşdırır?

PR fəaliyyətində dürüstlük şərtdir. Amma bəzən bu alınmır. Siz hər hansı firmanın ya da məhsulun imici üçün pul alırsınız. Amma məhsul pisdirsə, siz ona pis deyəcəksinizmi? Deməsəniz, bir müddətdən  sonra yalanınız ortaya çıxacaq və etibarınız itəcək. Desəniz də işinizi itirəcəksiniz. Əslindəsə, məhsul keyfiyyətsizdirsə PR olunmamalıdır. Etik qaydalara əməl edilməlidir.

PR başqa hansı problemlərə üz-üzədir?

Bu sahədə təhsil alanların sayı çoxdur. Amma işsizlik hökm sürür. Məzunların lazımı biliyə sahib olmaması da ciddi problemdir.  Əksəriyyət əmək haqqı almadan təcrübəçi kimi çalışmağa razıdır. Bu da motivasiyaya mənfi təsir edir. PR-ı tədbir təşkilatçılığı ilə qarışdıranlar da çoxdur.  PR təhsili almayanlar, hətta PR anlayışı zəif olanlar da bu sektorda çalışa bilir. Hüquq təhsili almadan hüquqşünas kimi çalışmaq olarmı? Amma təhsili olmayanlar PR-la məşğul olurlar. Bu problem deyilmi?

Jurnalistlərin PR-a axınını necə qiymətləndirirsiniz?

PR-çıların jurnalistləri tanımaq ehtiyacı olmasaydı, PR təhsili iqtisadiyyat fakultələrində marketinqin bir qolu olaraq da tədris edilə bilərdi. Jurnalistləri tanımadan PR etmək imkansızdır.  Buna görə də jurnalistlərin PR-a  keçid etməsinə şahid oluruq.

PR mütəxəssisi olmağın hansı qızıl qaydaları var?

Uğurlu PR mütəxəssisi olmaq üçün yaxşı PR təhsili və xarici dil əsas şərtdir. Media, siyasət, iqtisadiyyat, mədəniyyət və başqa sahələrdə geniş çevrə də lazımdır. Hansı sahədə fəaliyyət göstərirsinizsə, o sahəyə aid geniş məlumatalara sahib olmalısınız. Bilik gücdür.  Zəka, bilik, təcrübə, geniş əhatə, diqqət, ədəb-ərkan, empati qurmaq bacarığı, fədakarlıq, zamanın idarə olunması PR mütəxəssisi üçün əsasdır.

 Ən yaxşı PR təhsilini harada almaq olar?

Kitablarımızın çoxu ingilis dilindən tərcümə edilib.  Başqa sahələr üzrə dünyanın ən yaxşı universitetləri haradadırsa,  kommunikasiya sahəsində də ən yaxşılar oradadır. Yəni ABŞ-da.

 Qlobal problemlər PR vasitəsiylə həll edilə bilərmi?

Bütün problemlər kommunikasiya ilə həll edilə bilər. Sadəcə ölümə çarə yoxdur.

 Yaxşı və pis PR fəaliyyətinə hansı kampaniyaları misal göstərə bilərsiniz?

Göstərməyim. İnciyən olar. Yaxşı PR nümunələri çoxdur. Güclü şirkətlər gözəl sponsorluqlar edirlər və s.

 PR-ın gələcəyi haqqında nə düşünürsünüz?

PR-ın gələcəyi parlaqdır. Kommunikasiyasız mühitdə yaşaya bilmərik. Rəqabət hansı gücdədirsə, PR-a ehtiyac da o qədər sürətlənəcək.

PRoloq.az

Şərh yoxdur

Şərh yaz