Brendsənmi?

0
937

Son zamanlar şəxsin brendləşməsi mövzu aktuallaşıb. Çünki brendləşən şəxs özünə maraq yaratdığı üçün daha çox axtarılır, seçilir, güvənilir və ən əsası özü ilə bağlı düşüncələri  idarə edə bilir.  Bəs insan özünü brendləşdirmək üçün nə etməlidir? Müxtəlif mənbələrdə bu suala verilən ortaq cavabları topladıq.

Birincisi, özünüzü bir brend olaraq görməlisiniz. Brendlər nə edirlər? Dəyər yaradırlar. Yaratdıqları dəyər ilə özlərini fərqliləşdirir, mesaj ötürürlər. Məsələn,   bir brend “ən güclü bizik” deyirsə, digəri “ən yaradıcı bizik” deyərək özünü hiss etdirir. Deməli, brendlər vəd verirlər. Siz də verin.

Brend olmağın ilk mərhələsi analizlə başlayır. Özünüzü nə qədər tanıyırsınız? Kimsiniz? Haradasınız? Nə istəyirsiniz? Necə tanınmaq istəyirsiniz? Müsbət və mənfi tərəfləriniz nələrdir? Özəllikləriniz, istedadınız nədir? Sizi gözləyən fürsrətlər, böhranlar nə ola bilər? Arzusunda olduğunuz işləri gerçəkləşdirə bilməməyinizin hansı səbəbləri var? İstəklərinizi reallaşdırmaq üçün nələrə ehtiyacınız var? Ətrafdakılardan  nə ilə fərqlənə bilərsiniz?   İxtisasınızda hansı boşluqlar var? Bu boşluqları necə aradan qaldıra bilərsiniz?   İnsanlar nə istəyir? Onların sizin özəlliklərinizdən xəbəri varmı? Özünüzü necə təqdim edə bilərsiniz?

Bu və digər suallar mütləq cavablanmalıdır. Bir sözlə,  özünüzü və ətrafınızı kəşf etməlisiniz. Çünki fərdi brendi yaratmaq fərqliləşməklə, işinizə dəyər qatmaqla və insanların sizi necə anlayacağını idarə etməklə reallaşır. Kommunikasiya və idarəetmə bacarıqları ilə birlikdə, aydın məqsədiniz olmalıdır. Daha sonra isə buna xidmət edən planınız. Bütün bunları edərkən kreativ olmağı unutmayın.

Davamlı olaraq özünüzü dəyərləndirməli, inkişaf etdirməlisiniz. Özünüzü dəyərləndirmə kriteriyaları haqqında düşünün.

Öz sahənizdə ən yaxşısı olmağa çalışın. Özünüzə inanın.

Fəaliyyətinizlə vermək istədiyiniz mesajınıza sadiq qalmalısınız.

Adınız, tərziniz, hətta saç stiliniz, davranışlarınız, fərdiyyətiniz haqqında fikirləşin. Geyiminizə də diqqət edin. Məsələn, bəzi məşhurlar həmişə eyni rəngdə paltar geyinirlər.

Təxəllüs seçmək də faydalı ola bilər.

İstifadə etdiyiniz əşyaları fərqliləşdirməyə çalışın.

Daha yaxşı əlaqələr qurmaq istədiyiniz bir şəxsin sizə daha çox dəyər verməsi üçün edə biləcəkləriniz haqqında düşünün.

Sosial mediada fəal olmalısınız.

Müxtəlif  peşə sahiblərindən ibarət sizi dəstəkləyən çevrə formalaşdırmağa çalışmalısınız.

Görüşlərə vaxtında gedin.

Üzr istəməyi, təşəkkür etməyi bacarın.

Empati göstərin.

Qarşınızdakını dinləyin.  Yaxşı deyiblər ki, dinləyəndə yeni məlumatlar alırsınız,  danışanda isə bildiklərinizi təkrar edirsiniz.

İnsanlara adları ilə müraciət edin.

Müzakirə mövzusu olmağa cəhd edin.

Suprizlər edin.

Müxtəlif təlimlərə, konfranslara və s. qatılın. Çıxışlar edin.

Komanda qurun.

PRoloq.az

Şərh yoxdur

Şərh yaz