Böyük yalana daha çox inanırlar

0
2309

PRoloq-un ənənəvi suallarına yazıçı, psixoloq, filosof  Rövşən Abdullaoğlu cavab verir.

Rövşən müəllim,  öz imicinizi necə formalaşdırır və təqdim edirsiniz?

Hər bir insanın imici cəmiyyətdə fəaliyyətinə uyğun olaraq formalaşır. Mənim imicim də o qəbildən. Cəmiyyətdə hansısa formada tanınmağım üçün  məqsədyönlü bir addım atmıram. Sadəcə öz işimlə məşğul olur, düzgün bildiyim işi görürəm.

Özünüzü tanıtmaq nə zaman mümkün olmur? İnsanlar nə zaman inanmırlar?

Bəzən insan olmadığı kimi hərəkət etmək istəyir. O zaman davranışları süni alınır. Sünilik isə anındaca hiss olunur və insana qarşı inamsızlıq yaranır. Hər kəs fərqlidir və çalışmalıdır ki, bu fərqliliyi, özünəməxsusluğu hər bir fəaliyyət sahəsində qorusun.

Həyat prinsipiniz nədir?

Bütün prinsiplərin əsası ədalətdir. Ədalət yəni orta, düzgün mövqedə durmaq.   Bütün sahələrdə prinsiplərimiz ədalətə söykənsə, mütləq nəticə alarıq.

Maraqlı ola bilər: Lütfü Zadə ilə müsahibə

Hadisələrə fərqli yanaşmaq lazımdırmı? Niyə?

Fərqli yanaşmaq deyil, özünəməxsus şəkildə yanaşmaq lazımdır. Çünki hər fərqli yanaşma məsələni həll etmir.

Görünməyəni görünən etmək üçün nə etmək olar?

Görünməyən arzularımızdır. Onları görünən etmək isə gerçəkləşdirməkdir. Nə vaxta qədər arzularımız, xəyallarımız ancaq qəlbimizdədir, o görünmür. Görünən etmək üçün sadəcə qarşıya hədəf qoyub, o hədəf istiqamətində gündəlik addımlar atmaq lazımdır. Bir çox insanların arzuları görünməz olaraq qalır. Nəticədə o insanların özləri də görünməz qalır. Görünməz yaşayıb, görünməz də çıxıb gedirlər.

Maraqlı ola bilər: Qırmızı qırmızı deyil

Fürsətlər necə yaranır? Özünüz üçün necə fürsətlər yaradırsınız?

Fürsətlər iki cürdür. Onların bəzilərini həyat bizə təqdim edir. Bunun üçün çalışıb vuruşmuruq. İkinci qisim fürsətlər isə fəaliyyətimizin qarşılığında yaranır. Bir çox halda cəsarətsizliyimiz, tənbəlliyimiz bu fürsətlərin əldən çıxmasına səbəb olur. Bəzən isə insan onları görmür.

Görülən işin keyfiyyətini və hədəfə çatıb çatmadığınızı necə müəyyənləşdirsiniz?

Məncə, əsas insanın öz üzərinə düşəni layiqincə görməsi, hədəfə çatması üçün əlindən gələni etməsidir. Bütün bunları edəndən sonra işi keyfiyyətli saymaq olar. Hətta bunu digərləri pis dəyərləndirsələr də, bu iş keyfiyyətlidir. Çünki bu, o insanın əlindən gələnidir, ondan artığını etməyə qadir deyil.

Maraqlı ola bilər: Siqaret reklamçısına Nobel mükafatı verilib

Qarşınızdakına necə təsir edirsiniz?

İnsanlara təsiri verbal və qeyri-verbal formada edirlər. Ürəkdən və səmimiyyətlə deyilmiş söz və hərəkət mütləq digərlərinə təsir edir. Təsir etməyi hədəfə çevirmək isə düzgün deyil. Təsir – səmimi fəaliyyətin təbii nəticəsi olmalıdır.

Maraqlı ola bilər: Rənginizə fikir verin

Konfliktləri hansı üsulla həll edirsiniz?

Konfliktə görə dəyişir. Bir çox halda geri çəkilməklə. Çünki bir qrup konfliktlərin həlli yoxdur. Belə ki, insanların yanaşması subyektivdir, bəzən də qərəzli yanaşma konfliktin həllinə imkan vermir. Bu zaman ortaq məxrəcə gəlmək mümkün olmur. Odur ki,  ən yaxşı həll yolu o insanın üstünə getməmək və ona düşünmək üçün zaman verməkdir.

Motivasiyanıza nələr təsir edir?   

Bir neçə fakt var ki, mənə güclü motivasiya verir. Bir çoxları üçün ola bilsin ki, bunlar heç bir məna kəsb etməsin. Bu faktlardan biri ölümdür. Tarixdə bəzi insanların da ölümdən motivasiya aldıqları məlumdur. Bir gün Stiv Cobs barədə bir yazı qarşıma çıxdı. Onun da ölümdən hardasa mənim düşündüyüm kimi motivasiya aldığı yazılmışdı.

Maraqlı ola bilər: Məşhur olmaq 3 il vaxt alır

Ölüm sizə necə motivasiya verir? 

Ölümü demək olar ki, hər gün düşünürəm. Düşünən zaman vaxtımın nə qədər az olduğunu xatırlayıram. Bu zaman durmadan, yorulmadan çalışmaq istəyirəm, əldə etdiklərimin nə qədər az olduğunu görürəm. Ölümü düşünən zaman insanların fikri mənim üçün dəyərini itirir və bu zaman onların qınağını düşünmədən, uduzmaqdan qorxmadan rahat işimi görürəm. İnsanların tərifi mühüm olmur, bu zaman səmimiyyətlə fəaliyyət göstərməyim asanlaşır. Ölüm insandan təkəbbürü alır, adi insan olduğunu bir daha xatırladır. Ölümü düşünmək insanda cəsarət yaradır və ən mühüm bildiyi addımları qorxmadan atmağına kömək olur. Ölümün qarşısında hər şey dəyərini itirir, bütün psixoloji sindromlardan, komplekslərdən qurtulmaq olur.  Yaxınlarına daha çox dəyər vermək, onlara qayğı göstərmək istəyirsən. Çünki anlayırsan ki, sabah gec ola bilər. Sənə qarşı haqsızlıq etmiş, səhvə yol vermiş şəxslərin qüsurlarının bağışlamaq istəyirsən. Çünki ölümün əzəməti qarşısında o səhvlər kiçilir. Ölümü düşünən zaman anlayırsan ki, tamlığı ilə sahib olduğun heç nəyin yoxdur. İtirməyə heç nəyi olmayan birinin də heç nədən narahatçılığı olmaz, manipulyasiya olunmadan fəaliyyət göstərər…

Sizcə, gələcəkdə insan münasibətlərində nə kimi dəyişikliklər olacaq?

Dəqiq bir şey deyə bilmərəm. Ancaq müşahidələrim onu göstərir ki, insanların səbri azalır. Ailələr daha çox dağılır, dostlar ən xırda məsələlərə görə düşmənə çevrilirlər, ən yaxın qohumlar arasında soyuqluq artır, valideyn övlad münasibətləri zəifləyir, ictimai rabitələr süniləşir. Mənəviyyat, əxlaqi dəyərlər ucuzlaşanda nəticənin belə olması təbiidir.

Maraqlı ola bilər: Qadın və kişi şüuru fərqli çalışır

Yalan hər kəsə tez çatır, doğru isə ləng hərəkət edir. Yalanın qarşınını tez kəsib,  doğrunun hər kəsə çatmasını sürətləndirmək necə mümkündür?

Düz addım həmişə ağırdır, ona görə nəticəsi də dəyərlidir. Yanlış addım asandır, nəticəsi də ona görə dəyərsiz və yüngüldür. Düzgün həyat tərzilə yaşamağa vadar edən ən güclü amil inamdır, digəri də vicdan. Bunlardan biri cəmiyyətdə olmadıqda vəziyyət pisdir, ən pisi isə bunların heç birinin olmamasıdır.

Maraqlı ola bilər: Övladınız oyuncağına bənzəyəcək

Yalan hər kəsə tez çatır ona görə ki, bəzən insanlar yalana inanmaq istəyirlər. Bəzən də yalan çox böyüdülür. Adolf Hitlerin “Mein Kampf” kitabında yalana kütlələrin inanmasının əsl səbəbini onun şişirdilməsi ilə əlaqələndirir. O, deyir ki, insanlar kiçik yalandan daha çox, böyük yalana inanırlar. Hitlerə görə bu, onların bəsit düşüncələrilə əlaqədardır.

PR nədir sualına sizin cavabınız necədir?

PR müasir dövrdə yanlış rəng alıb. Mənə görə isə, bu sadəcə, öz bacarığını  düzgün şəkildə daha çox insana çatdırmağa çalışmaqdır.  Ancaq hədəfə çatmaq üçün yanlış üsullardan, yalandan istifadə etmək yolverilməzdir.

Maraqlı ola bilər: Tualet də PR-a xidmət edə bilər

PRoloq.az

Şərh yoxdur

Şərh yaz