PR da elm qədər önəmlidir

0
3428

PRoloq-un ənənəvi suallarına həmyerlimiz – texnika elmləri doktoru,   Volkswagen Avtomobil şirkətinin “Elmi-Tədqiqat və Texniki İnkişaf” idarəsində elmi şöbənin rəhbəri,  Amaniya Mühəndislər Birliyinin həqiqi üzvü, 80-ə yaxın elmi məqalənin, 5 patentin və 2 kitabın müəllifi Pərviz Əmiraslanov cavab verir. 

Pərviz müəllim, Almaniyaya qədərki yolunuz haqqında nə deyə bilərsiniz?

Azərbaycanın gözəl guşələrindən olan Tovuz rayonunun Sarıtala kəndində anadan olmuşam və uşaqlıq illərim maraqlı, xoş keçib. Orta məktəbi də həmin kənddə əla qiymətlərlə başa vurmuşam. Qızıl medala layiq olsam da, təəssüf ki, vermədilər. Amma həvəsdən düşmədim. Fənn olimpiadalarında həmişə fərqlənirdim və bu mənə inanılmaz motivasiya verirdi. Qovlar qəsəbəsində 98 saylı Orta Texniki Peşə məktəbini də fərqlənmə diplomu ilə bitirmişəm. Həmin  məktəbdə tədrisin səviyyəsinin artırılmasına çalışırdım. Avtomobil və traktorlar otağına yeni avadanlıq gətirilməsinə nail olmuşdum.

Azərbaycan Texniki Universitetinin maşınqayırma fakültəsini də fərqlənmə diplomu ilə qurtardım və həmin il fakültədə işə təyin olundum. Aspiranturanı da Texniki Universitetdə oxumuşam və “Maşınqayırmada avtomatlaşdırılmış layihələndirmə” kafedrasında əvvəl tədqiqatçı-mühəndis, sonra laboratoriya müdiri, daha sonra assistent olaraq çalışmışam.

Tələbəlik dövrüm çox gərgin əməklə keçib, həm də çox çətin. Elmi düşüncələrimin, ideyalarımın çoxu kağız üzərində qalırdı. Bütün yay tətili zamanı Bakıda və Sumqayıtda zavodlarda olurdum. Zavodlarda sovet dövründən qalmış avadanlıqlarda təcrübələrimi həyata keçirirdim. Amma nəticələr kifayət etmirdi. Maddi vəsait və şərait yox idi. Bunlara baxmayaraq, nəzəri biliklərimi təcrübəyə tətbiq etmək üçün şərait yaradan zavod rəhbərliyinə hər zaman təşəkkür etmişəm.

İlk elmi məqaləm elə tələbə olarkən dərc edilmişdi. Elmi konfranslardakı çıxışlarım mənə həmişə pozitiv enerji verirdi. Müəllimlərim önə çəkirdilər, həvəsləndirirdilər. O zaman günlərim M.F.Axundov adına Kitabxannın elmi zalında, Texniki Kitabxanada, AMEA-nın kitabxanasında, AzTU-nun Elmi Kitabxanasında və laboratoriyasında, kafedralarda müəllimlərimin yanında, Hesablama Mərkəzində kompüter arxasında keçirdi. O günlər üçün hərdən darıxır, yenidən tələbə olmaq istəyirəm…

Almaniyada işləmək qərarını necə verdiniz? Necə  fərqləndiniz, necə seçildiniz?

Avropanın, Amerikanın müxtəlif universitetlərinə elmi mübadilə üçün məktublar, sənədlər göndərmişdim. O zaman indiki kimi internet yox idi, yaxud çox zəif idi. Bizim universitetin internetə bağlantısı yox idi. Sənədlərimizi kağız formatında hazırlayaraq poçtla göndərərdik. Bütün sənədlər Təhsil Nazirliyinin, Xarici İşlər Nazirliyinin, göndərilən ölkələrin səfirliklərinin baxışından keçirdi. Bir sözlə, xarici ölkəyə çıxışımız daha çətin idi. İtaliyadan, İspaniyadan, İsveçrədən, Almaniyadan, ABŞ-dan və Türkiyədən öncə rədd çavabları  aldım. Sonra anladım ki, sənədlərim peşəkar səviyyədə hazırlanmayıb. Bunun üçün bir neçə mütəxəssisə müraciət edərək yardım aldım. Onu deməliyəm ki, sənədlərin hazırlanması, əsas faktorların göstərilməsi, motivasiya, hətta  sənədə əlavə olunmuş foto belə çox önəm daşıyır. Uzun və əhəmiyyət kəsb etməyən hissələri dərhal çıxarmaq lazımdır.

Nəhayət 3 universitetdən – Braunşvaiq Texniki Universitetindən (Almaniya), Toldeo Universitetindən (İspaniya), İsveçrə Texniki Elmlər Akademiyasından və sonralar isə Amerikadan (o zaman artıq Almaniyada idim) dəvət aldım. Çox düşünmədən Almaniyanı qəbul etdim. İxtisas baxımından ən yaxın olduğundan, əsas da alman dəqiqliyi, alman keyfiyyəti məni hər zaman heyran etdiyi üçün Braunşvaiq Texniki Universitetini seçdim.

Almaniyada Texniki Universitetdə böyük bir layihəmiz var idi. Layihənin bütün pillələri mənim elmi sahəmlə bağlı idi və mən layihənin əslində aparıcı elmi işçisi idim. Ancaq aparıcı elmi rəhbər olaraq universitetin rektoru – məşhur ixiraların sahibi, böyük elmi məktəb yaratmış professor Hesselbach bütün işlərimi elmə sərf etməyimi istədi və koordinativ işləri digər professor Mitschkeyə həvalə etdi. Professor Mitschke Almaniyada avtomobil sahəsində  tanınmış dahi alimdir. Onun kitabları bir çox dillərə tərcümə edilib. Amerikada, Yaponiyada və s. ölkələrdə çoxsaylı mühazirələr oxuyub. Onun rəhbərliyi ilə layihədə son dərəcə güclü nəticələr əldə etdim və bu da mənə böyük stimul verdi. Layihə bitmədən öncə universitetdə işə başlama təklifi aldım və heç düşünmədən qəbul etdim. Paralel olaraq  Amerikadan (Kaliforniya Universitetindən və Kembriç “Massachusetts Institute of Technology”) dəvət almağıma baxmayaraq, Almaniyada qalmağı seçdim. Bu gün  alman texnoloyiyasının dünyanın hər yerində qəbul edildiyini gördükcə yanılmadığımı hiss edirəm.

İşiniz nədən ibarətdir? Bir mütəxəssis olaraq özünüzə necə ehtiyac yarada bilirsiniz?

Mən Volkswagen Avtomobil şirkətinin “Elmi-Tədqiqat və Texniki İnkişaf” idarəsində 26 elmi işçidən (onların 2 nəfəri paralel olaraq doktoranturada oxuyur, 15 nəfəri alimdir, digərləri isə gözəl mütəxəssislərdirlər) və  6 tələbədən ibarət olan elmi şöbənin rəhbəriyəm. Eyni zamanda fəxri dosentlik müqaviləm var ki, buraya əsasən tələbə və aspirantlar üçün seminar, mühazirə xarakterli işlər daxildir.

İşim elmi şöbəyə rəhbərlik etməklə yanaşı, müxtəlif universitetlərdə seminarlar vermək, sağlam və güclü  təməl biliyə sahib olan gəncləri şirkətimizə cəlb etməkdən ibarətdir. Bunu mən bəşəriyyət üçün vacib olan iş hesab edirəm. Çünki gənc mütəxəssislər fizioloji baxımdan daha effektiv olurlar və daha çox çalışırlar. Onları doğru yönəltməklə gələcəyə sağlam alimlər yetişdirmiş oluruq. Avropada özünə ehtiyac yaratmaq ancaq sağlam bilik, sağlam elm yolu ilə həyata keçirilir.

Mütəxəssisə olan ehtiyacdan söhbət gedərsə, burada təcrübə əsasdır. Dünyamız çox kiçilib, hər şey artıq virtual aləmdədir, rəqəmsal bir dövrdə yaşayırıq. Bunlardan istifadəni bacarmayanlar nə qədər gözəl mütəxəssis olsa da  qısa zamanda unudulur. Mən hər gün ən azı bir saat elmi-publisistik jurnallar, qəzetlər oxuyuram. Elmi yeniliklərlə,  rəqəmsal, virtual texnologiyalarla tanış oluram.

Maraqlı ola bilər: Məşhur olmaq 3 il vaxt alır

Almaniyadakı təhsil mühiti necədir? Mühitə uyğunlaşmaq çətindirmi?

Almaniyada təhsil mühiti çox fərqlidir. Düşünürəm ki, bu barədə Azərbaycanda kifayət qədər məlumat var. Mühitə alışmaq insanların özündən asılıdır. Elmə, təhsilə sevgi varsa mühitə alışmaq çətin deyil. Şəxsən mənə çətin olmadı.

Ölkəmizin təhsil müəssisələrinin reytinq qazanması üçün nə etməliyik?

Azərbaycanda bunun üçün ciddi islahatlara ehtiyac var. Mən ölkəmi, vətənimi çox sevirəm. Amma real olaraq hazırda heç bir reytinq sırasına aid etmirəm. Çünki bu mümkün deyil. Bunun üçün sadəcə Avropada, Amerikada və s. təhsil alıb Azərbaycana geri dönmək kifayət etmir. Burada ciddi elmi bazalara, güclü pedaqoji kadrlara ehtiyac var.

Öz imicinizi necə formalaşdırır və təqdim edirsiniz?

Mənim üçün imici formalaşdırmağa ehtiyac yoxdur. İmic insan həyatında zəncirvari rol oynayır və bütün dövrlərdə insanları təqib edir. Onu qorumaq isə təqdimatdan çox çətindir. Mən imicimi   təqdim etmək haqqında heç vaxt düşünməmişəm. Elm yolunda, axtarışda olanlar imici düşünməzlər.

Özünüzü tanıtmaq nə zaman mümkün olmur? İnsanlar nə zaman inanmırlar?

İnam və tanıtmaq başqa-başqa mövzulardır, zənnimcə. İnam uzun bir prosesdir. Zamanla insanlar daha yaxşı tanınır.

Məşhur Amerika psixoloqu Carl Rogers öz əsərlərinin birində yazır: “İnam mənim özüməm, əgər uca Allaha sevgim varsa, ona bağlıyamsa, o mənə daim doğru yol göstərəcək və insanlarda da mənə inam yaranacaq. Biz insanlar doğru olanı edəriksə, o zaman inam yaranar”.

Özümü  tanıtmağa ehtiyac duymamışam.  Bu  adətən jurnalistlərin, mətbuatın işi hesab edilir. Belə işlərə vaxt lazımdır.

Həyat prinsipiniz nədir?

Doğru yaşamaq, mərd yaşamaq, düzgün olmaq, insanlara, bəşəriyyətə xeyir verən işlərlə məşğul olmaq.

Hadisələrə fərqli yanaşmaq lazımdırmı? Niyə?

Hasidəsələrə fərqli yanaşanlar həmişə olub. Bunu labüd hesab edirəm. İnsanların fərqli baxış prizmaları var. Psxixoloq, pedaqoq və həmçinin bir çox kitabların, metodların müəllifi Belbin fərqli yanaşmanı tədqiq edərək belə bir nəticəyə gəlib: “Görəsən insanlar fərqli düşünməsələr gələcəyimiz necə olardı? Çox yaxşı ki, bu dünyada elə fərqli düşünənlərin hesabına inkişaf var”.

Yəni onu demək istəyib ki, standartlarla inkişaf olmur, zamanla çox standartlar dəyişikliyə uğrayıb, fərqli labüdlük meydana gəlib və belə yanaşmalar vacib hesab edilib. Hesab edirəm ki, fərqli yanaşmaq insanların aktiv zehni təxəyyülünün məhsuludur.

Görünməyəni görünən etmək üçün nə etmək olar?

Bu sualınız da maraqlıdır. İnsanlar görünməyənləri hərəkətləri ilə, texnologiyalar isə satış sayı, yəni iqtisadi gücləri ilə görünən edirlər.

İnsanların mənəvi dünyasında görünməyənlər çox olur və bəzən elə görünməz olaraq qalır. Bu isə pozitiv və neqativ ola bilər.

Fürsətlər necə yaranır? Özünüz üçün necə fürsətlər yaradırsınız?

Özüm üçün fürsət axtarmamışam. Amma fürsət hər zaman var, sadəcə onu doğru zamanda, doğru məkanda dəyərləndirmək gərəkir.

Qarşınızdakına necə təsir edirsiniz?

Qarşımdakı bütün insanlara eyni səviyyədə rəftar etməyə çalışıram. Əslində qarşınızdakılara onların prizmasından baxmaqla rahatlıq tapa bilərsiniz. Amma mənim üçün bu əsas deyil. Əsas olan qarşınızdakını onun başa düşəcəyi formada anlatmağınızdır. O zaman bütün məsələlər həllini tapa bilər. Burada söhbət empatiyadan gedir və hiss etmə qabiliyyəti çox zaman sizin mental qabiliyyətinizdən də asılı ola bilir.

Maraqlı ola bilər: Necə edək ki, nitqimiz təsirli olsun?

Konfliktləri hansı üsulla həll edirsiniz?

Konfliklərin həlli düsturu yoxdur. Əgər konflikləri individual həll edə bilmirsinizsə, deməli insan faktorunu, psixoloji faktorları unudursunuz. Bunun üçün bu mövzuda kitablar oxumaq kifayət etməz. Yəni konfliktləri həll etmək üçün kommunikasiya kiyafət etmir və konflikt passiv də olsa qalır. Qeyd etdiyim faktorlar mütləq nəzərə alınmalıdır.

Motivasiyanıza nələr təsir edir?   Ümumiyyətlə, çalışdığınız müəssisədə içilərin motivasiyasını artırmaq üçün nələr edilir?

İnsan həyatında motivasiya çox vacibdir. O olmadan insan psixoloji problemlərlə üzləşə, hətta xəstələnə bilər. Motivasiya üçün ən əsası insan mənəvi cəhətdən çox güclü olmalı, özünə inanmalıdır. Özünə qarşı çox ciddi olub, istədiyinə nail olmasa da, motivasiyadan düşməməlidir. Burada maddiyyat faktoru, karyera faktoru və s. özünü göstərə bilər.

Müəssisəmizdə bunun üçün xüsusi şöbə var, xüsusi təlimlər keçirərək işçilərimizin sağlam ruhda qalmasına çalışırıq.

Sizcə, gələcəkdə insan münasibətlərində nə kimi dəyişikliklər olacaq?

Zənnimcə, çox böyük dəyişiklik olmayacaq. Hər zaman pozitiv düşünməyə çalışıram. Əks halda çox çətin olar. Çoxsaylı elmi işçilərdən ibarət komandam var və bu da mənə insan münasibətlərində çox kömək edir. Çünki, burada sadəcə elmlə deyil, gündəlik idari işlərlə də məşğul oluram. Bəzən hətta heyfslənirəm ki, iş vaxtı bitdi, elmlə daha çox məşğul olmağa vaxt olmadı. Amma bunu kompensasiya etmək üçün mütləq zaman tapıram.

Yalan hər kəsə tez çatır, doğru isə ləng hərəkət edir. Yalanın qarşınını tez kəsib,  doğrunun hər kəsə çatmasını sürətləndirmək necə mümkündür?

Hər şey özümüzdən asılıdır. Sualınızda elə cavaba yaxınlıq var. Yalan sürətlidir, çox zaman düşündürücü deyil. Yalan elmdən uzaq bir yoldur, insanı alçaldan bir məfhumdur. Yalanla ən gözəl mübarizə onu zamana buraxmaqdır. Amma zaman da  çox qiymətlidir.

Maraqlı ola bilər: Lütfü Zadə ilə müsahibə

PR haqqında nə düşünürsünüz?

PR üçün çox vacib olan iqtisadi, ictimai və texnoloji amillər bir yerdə cəmləşməlidir. Zənnimcə, Azərbaycanda bu sahə hələ çox ləng gedir. Baxmayaraq ki, bu sahəni kifayət qədər inkişaf etdirən gənclərimiz var, ümumilikdə ölkəmiz keçmiş sovet dövründən qalma psixoloji təsirdən tam çıxa bilməyib. Bilirsiniz ki, PR ilk dəfə Amerikada yaranıb və əslində ictimai əsaslara söykənən prinsiplərlə işləyir. Burada sadəcə biznes marağı deyil, insanların fikirləri, onların PR işinə münasibəti, marketinq, reklamçılıq və s. faktorlar böyük rol oynayır.

Almaniyada və eləcə də inkişaf etmiş güclü dövlətlərdə PR olmadan şirkətlərin, müəssisələrin inkişafı çox ləng gedər, ya da getməz. Yəni burada tək təhsilə, tədrisə, elmə deyil, həm də PR işinə çox böyük əhəmiyyət verilir.

PRoloq.az

Şərh yoxdur

Şərh yaz