Səlis uğur düsturu

0
13702

Dünya şöhrətli azərbaycanlı professor Lütfü Zadə-dən “UĞUR KİTABI” üçün aldığımız müsahibəni ixtisarla təqdim edirik.

Hörmətli professor, sizin qədər şöhrət qazanmaq istəyənlərə nə deyə bilərsiniz?

Heç vaxt özümü başqalarından üstün hesab etməmişəm. Varlı və ya cəmiyyətdə nüfuzlu olmağa heç vaxt maraq göstərməmişəm.

Mən müəyyən hörmətə və şöhrətə əsasən öz işimə dərin maraq sayəsində nail olmuşam.

Ümumiyyətlə, uğurlu biri olmaq üçün nə etmək, nədən başlamaq lazımdır?

Müxtəlif adamlar üçün uğur başqa-başqa mənalar kəsb edir. Bəzilərini buna doğru şöhrət və dövlət axtarışı aparır. Bəziləri, mənim kimi, daha çox elmə və insan rifahına töhfə vermək istəyindədir. Mənim seçimim anadan olduğum Bakıda məktəbdə oxumağımın və sonralar, Tehran Universitetində təhsil almağımın təsirini əks etdirir. Həm Bakıda, həm Tehranda mənim müəllimlərim mənim üçün nümunə idilər. Onlar məni cəmiyyətə daha lazımlı iş sahəsinə meylli olmağı öyrətmişdilər.

Uğursuzluqlarla üzləşərkən nə edirsiniz?

Uğur əldə etmək üçün inadcıl olmaq lazımdır. Mən uğursuzluqdan ruhdan düşməməyi öyrənmişəm. Mən işim pis dəyərləndiriləndə inciməməyi öyrənmişəm. Mənim bir faydalı məsləhətim var. Əgər kimsə sizə sərsəm olduğunuzu söyləyirsə, ona bu sözləri tərif kimi qəbul etdiyinizi deyin.

Hər insanda bir istedadın olduğunu söyləyirlər. İstedadı necə üzə çıxarmaq olar?

Elələri var ki, hər adamın hansısa bir istedada malik olduğuna inanır. İstedadı, vergini uğura çevirmək üçün inadkar olmaq lazımdır. Mən çoxlu istedadlı adam görmüşəm ki, inadkarlığı çatışmadığından uğura nail ola biməyib.

İstedadlı hesab etdiyiniz insanlara bunu deyirsiniz?

Qibtə etmək insan təbiətinin bir hissəsi olsa da, özümü necə hiss etməyimdən asılı olmayaraq uğura nail olmuş adamı təbrik etməyi həmişə özümə borc bilmişəm.

İmkanınız olsa, dünyada nəyi dəyişərdiniz?

Ara verməyən müharibələrə səbəb olan üstünlük və qüdrət uğrunda mübarizə insanlara xas xüsusiyyətdir. İnsanlar müharibə əvəzinə sülhə üstünlük versəydilər, bizim dünya daha yaxşı bir yer olardı.

PRoloq.az

Şərh yoxdur

Şərh yaz